Mis.Az - Son Xeberler
İki ay əvvəl qaz sayğacının qutusunun yararsız vəziyyətdə olduğunu görən Masazır sakini onun dəyişdirilməsi üçün aidiyyəti qurumlara müraciət etsə də, problem hələ də həll olunmayıb.
Şikayətçi Mis.az-a bildirib ki, proses ərzində müxtəlif qurumlar onu bir-birinə yönləndirib, lakin heç biri məsuliyyəti öz üzərinə götürməyib:
““Azəriqaz”ın qaynar xəttinə zəng vurdum. Dedilər ki, xidmət ödənişlidir. Razılaşdım. Məni Asan Xidmətə yönləndirdilər. Asan Xidmətə zəng etdim, dedilər ki, bu məsələ onlara aid deyil, Xırdalan Qaz İdarəsinə müraciət etməliyəm. Xırdalana getdim. Orada oturan xanım yenə dedi ki, bunu Asan Xidmət etməlidir. Dedim ki, onlar da sizin səlahiyyətinizdə olduğunu bildiriblər. Bir neçə nəfər ora-bura zəng etdi ki, bu işi kim görməlidir. Sonda qərara gəldilər ki, Sumqayıt Regional Qaz İdarəsinə gedim. Xahiş etdim ki, məni get-gələ salmasınlar. Həmin xanım guya köməklik göstərərək Sumqayıta zəng etdi, məni yönləndirdi, nömrəmi götürüb dedi ki, narahat olmayın, həftə içi gəlib qutunu dəyişəcəklər”.
Vətəndaşın sözlərinə görə, o, 20 gün gözlədikdən sonra yenidən Sumqayıt Regional Qaz İdarəsinə gedib:
“Yolüstü bir də Asan Xidmətə baş çəkdim. Qəbulda dedilər ki, məsələ onların səlahiyyətindədir. Növbə götürdüm, amma növbəm çatanda yenə bildirdilər ki, bu iş onlara aid deyil, Xırdalana getməliyəm. Dedim ki, Xırdalandan buraya göndəriblər. Dedilər, o zaman Sumqayıt Regional Qaz İdarəsinə müraciət edin. Məcbur qalıb ora getdim. İdarədə özünü rəis kimi təqdim edən Bəxtiyar müəllim dedi ki, bu prosesi Asan Xidmət həyata keçirməlidir. Dedim ki, ordan gəlirəm. O da Asan Xidmətə zəng edib vəziyyəti maraqlandı. Axırda rəis dedi ki, evinizə tez bir zamanda gəlib qutunu dəyişəcəklər. Hətta söz verdi ki, problem həllini tapacaq. Əlaqə nömrəsi istədim, vermədi. “Ehtiyac yoxdur, həll olunacaq”, – dedi. Ödənişi necə edəcəyimi soruşanda, “yerində ödəniləcək” deyə cavab verdi”.
Ancaq şikayətçi artıq bir aydır qaz sayğacının qutusunun dəyişdirilməsini gözləsə də, hələ də dəyişən heç nə yoxdur:
““104” qaynar xəttinə dəfələrlə zəng etmişəm. Saytda göstərilən telefon nömrələrinin heç biri işləmir. Qaynar xətt də əlavə nömrə vermir. Bu xırda problemi necə həll edəcəyimi bilmirəm”.
Məsələ ilə bağlı Mis.az “Azəriqaz” İstehsalat Birliyi”nə (İB) sorğu ünvanlamışıq.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife