Mis.Az - Son Xeberler
Bu il Azərbaycan milli yığması 10 oyundan səkkizində məğlub olub, iki dəfə isə bərabərlik əldə edib. Buna baxmayaraq, futbolçular da deyir ki, Ayxan Abbasovdan sonra milliyə ruh gəlib. Bütün bunların fonunda Ayxan Abbasov millimizin baş məşqçisi olandan sonra nələri dəyişə bildi? Ondan növbəti gözləntilər nədir?
Futbol eksperti Kənan Məstəliyev Mis.az-a açıqlamasında bildirib ki, bu məğlubiyyətlər milli komandanın başında kim olursa-olsun yaşanacaqdı. Çünki hazırda Azərbaycan futbol yığmasının səviyyəsi elədir ki, baş məşqçinin kimliyi nəticələrə ciddi təsir göstərmir:
“Bunu əvvəlki dövrdə çalışmış bir neçə əcnəbi məşqçinin fəaliyyəti də sübut edib. Onların zamanında da məğlubiyyətlər var idi, böyük turnirlərə vəsiqə qazana bilmirdik, eyni problemlər yaşanırdı. Ona görə də prinsipial olaraq bütün məsuliyyəti baş məşqçidə axtarmaq düzgün deyil. Ayxan Abbasov isə həm yerli mütəxəssis kimi, həm də əvvəlki, xüsusilə də əcnəbi məşqçilərdən fərqli olaraq Azərbaycan milli komandasının nə demək olduğunu yaxşı bilir. O, bu formanı daşımağın məsuliyyətini, bu adın Azərbaycan xalqı və futbolsevərləri üçün əhəmiyyətini dərk edən, bunu futbolçulara aşılamağı bacaran bir mütəxəssisdir. Ayxan Abbasov U-21 yığmasının başında olarkən də vətənpərvərliyini və məsuliyyətini dəfələrlə göstərib”.
K.Məstəliyev də yeni baş məşqçinin rəhbərliyi altında komandaya milli ruhun qayıtdığını təsdiqləyib:
“Azərbaycanlı futbolçuların potensialının müəyyən həddi var, bu reallıqdır. Amma onlar həmin potensialın maksimumunu ortaya qoyurlar. Komanda milli forma üçün döyüşür, sona qədər mübarizə aparır, məğlubiyyətlərə baxmayaraq ruhdan düşmür. Ayxan Abbasovun ən böyük üstünlüyü məhz bu döyüşkənliyi, iradəni və inamı geri qaytarmasıdır. Xal da qazanmışıq – məsələn, Ukrayna ilə heç-heçə etdik. Üstəlik daha çox hücuma çıxmağa, daha çox qol imkanları yaratmağa başlamışıq. Bu, gələcək üçün ümid verir. İndiki məğlubiyyətlər yaxın olmasa da, orta perspektivdə qarşıdakı oyunlar və turnirlərdə nəticəyə çevrilə bilər”.
Ekspertin sözlərinə görə, Ayxan Abbasov milli komandamıza qələbə mentalitetini və milli komanda sevgisini qaytarıb:
“Buna görə ona təşəkkür düşür. Ümid edirəm ki, AFFA rəhbərliyi ona göstərdiyi etimadı davam etdirəcək, müqaviləsini uzadacaq və qarşıdakı turnirlərdə də yığmanın başında çalışmağa imkan verəcək. Çünki hazırda Azərbaycan milli komandasına baş məşqçilik edə biləcək ən doğru və ən uyğun namizəd məhz Ayxan Abbasovdur”.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife