Mis.Az - Son Xeberler
Prezident İlham Əliyev "Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır.
Bu isə təkcə nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi baxımından deyil, həm də yeni siyasi və iqtisadi reallıqların formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Bəs Zəngəzur dəhlizinin istifadəyə verilməsi regional güc balansına və iqtisadi əməkdaşlığa necə təsir göstərəcək?
Milli Məclisin deputatı Arzuxan Əlizadə Mis.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması regionda yeni tranzit xətlərinin formalaşması baxımından böyük iqtisadi dividendlər vəd edir.
Onun sözlərinə görə, bu dəhlizin əhəmiyyəti təkcə regional ölkələr üçün deyil, həm də böyük dövlətlər üçün ciddi iqtisadi və siyasi maraqlar yaratması ilə bağlıdır:
“Zəngəzur dəhlizi ideyası məhz Azərbaycandan irəli gəlib və yaranmış yeni geosiyasi reallıqlar fonunda bu layihənin reallaşma imkanları artıq kifayət qədər yüksəlib. İkinci Qarabağ müharibəsi regionun siyasi xəritəsini dəyişdi, qüvvələr nisbətini kökündən yenilədi və bunun nəticəsində yeni reallıqlar formalaşdı. Məhz bu şəraitdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təklifi ilə Zəngəzur dəhlizi məsələsi gündəmə gətirildi. Gələcəkdə bu kommunikasiya qovşağının hansı adla açılacağı, yəni Tramp yolu, Zəngəzur dəhlizi və ya başqa bir ad olması əsas məsələ deyil. Əsas olan onun açılmasının regional və qlobal tranzit xəritəsi baxımından böyük vaciblik daşımasıdır. Bu dəhliz Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz kimi mövcud marşrutlara paralel olaraq Çindən, Orta Asiyadan, Azərbaycan və Türkiyədən Avropaya yük daşımalarını genişləndirəcək. Bu isə həm vaxt baxımından daşınma müddətlərini qısaldır və rentabellik baxımından da bu yolun gələcəkdə istifadəyə verilməsi region dövlətlərinə və eləcə də bu kommunikasiya qovşağından istifadə edəcək digər dövlətlərə əlavə iqtisadi imkanlar açmış olacaq”.
A.Əlizadə xatırladıb ki, 8 avqustda imzalanan üçtərəfli sənədlər zamanı ABŞ Prezidenti Donald Tramp bölgədə kommunikasiya qovşağı açılacağı təqdirdə “çox böyük sərvət yatır” ifadəsini işlədib:
“Burada sərvət anlayışı təkcə yeraltı və yerüstü təbii ehtiyatları deyil, həm də genişlənən logistika imkanlarını əhatə edir. Biznes təfəkkürlü siyasi lider kimi Tramp Zəngəzur dəhlizinin gələcəkdə böyük iqtisadi potensialını vurğulamışdı. Eyni zamanda ABŞ şirkətlərinin Ermənistanla uzunmüddətli müqavilələr əsasında bu qovşağın istifadəyə verilməsində iştirakı da nəzərdə tutulur. Azərbaycan Prezidenti son günlərdə verdiyi açıqlamada bildirdi ki, gələn ilin ortalarınadək Azərbaycanın öz ərazisində həm avtomobil yolu, həm də dəmir yolu xətləri istifadəyə hazır olacaq. Əgər Ermənistan da paralel şəkildə işləri davam etdirsə, kommunikasiya qovşağının 2028-ci ildə istifadəyə verilə biləcəyi ehtimal olunur. Nəticə etibarilə, bu layihə region üçün son dərəcə vacibdir və onun reallaşacağı artıq şübhə doğurmur. Sadəcə müəyyən vaxt tələb olunur ki, bu mühüm kommunikasiya qovşağı tam şəkildə gerçəkləşsin”.
Politoloq Elşad Həsənov da öz açıqlamasında Zəngəzur dəhlizinin açılmasının təkcə regiona deyil, bir çox ölkələrə ciddi iqtisadi dividendlər gətirəcəyini söyləyib. O bildirib ki, ilk növbədə bu dəhlizdən Ermənistan daha çox fayda əldə edəcək:
“Artıq 8 avqustda Ağ Evdə imzalanan sənəddən bəlli olur ki, həmin marşrut TRİPP (Tramp marşrutu) adlanır. ABŞ bu marşrutun, yolun və kommunikasiya infrastrukturunun tikintisinə 140 milyon dollar ayırıb. Lakin qiymətləndirmələrə görə, 42 kilometrlik yolun tam inşası üçün təxminən 300 milyon ABŞ dolları tələb olunur. Bu gün Nikol Paşinyan çıxışında Tramp marşrutunun ABŞ-yə 99 illikmi, yoxsa 49 illikmi icarəyə verilməsi barədə danışıqların getdiyini bildirib. Sənəd imzalananda bu müddət 99 il idi, lakin Paşinyanın 49 illik variantı səsləndirməsi hələlik tam aydın deyil”.
Politoloq hesab edir ki, bu yol mütləq açılacaq, dəhliz istifadəyə veriləndən sonra yükdaşımalar sürətlənəcək və məsafə xeyli qısalacaq:
“Məlum olduğu kimi, həmin marşrut Orta Asiyadan başlayaraq Azərbaycan üzərindən keçməklə Çinə və digər Asiya ölkələrinə, eləcə də Avropaya yönələcək, Türkiyəyə bağlantı yaradacaq. Bu da marşruta böyük iqtisadi-siyasi əhəmiyyət qazandırır. Zəngəzur dəhlizinin açılacağı barədə ilk dəfə Azərbaycan Prezidenti 2022-ci ildə Frankfurtda Təhlükəsizlik Şurasının iclasından sonra bəyanat vermişdi. Daha sonra Şuşada zəhmətkeşlərlə görüşü zamanı da Prezident bildirdi ki, digər ölkələr istəsə də, istəməsə də, bu yol açılacaq. Bu il 8 avqustda isə Trampın iştirakı ilə marşrutun açılması ilə bağlı sənəd imzalandı”.
E.Həsənov da qeyd edib ki, yaxın iki-üç il ərzində, ən geci 2028-ci ilə qədər bu yol istismara veriləcək. Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu da çıxışlarında bunu dəfələrlə vurğulayıb:
“Artıq Ermənistanın da bu marşrutun açılmasında maraqlı olduğu görünür və bu istiqamətdə müəyyən işlər görülür. Düşünürəm ki, marşrutun tikintisi üzrə daha aktiv fəaliyyət gələn il keçiriləcək seçkilərdən sonra başlayacaq, çünki Paşinyan hakimiyyəti hazırda seçkilərə hazırlıq dövründədir”.
Sevinc İbrahimzadə / Mis.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünyabirliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarlaəməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.
Ana Sehife