Mis.Az - Son Xeberler
Süni intellektin (Aİ) sürətlə inkişafı artıq bir çox sahələrdə insan əməyinin yerini almağa başlayıb. Məsələn, bu gün bir çox insanlar fotosessiya üçün fotoqrafa müraciət etməkdənsə, Aİ ilə yaradılan şəkillərə üstünlük verirlər. Musiqi və ədəbiyyat sahəsində də eyni tendensiya müşahidə olunur — süni intellektlə yazılan mahnılar, şeirlər artıq reallığa çevrilib. Korrektə və redaktə işlərində də Aİ-nin peşəkar səviyyəyə yaxınlaşması, eləcə də fərdi müəllim kimi istifadə olunması sübut edir ki, bu texnologiya getdikcə daha çox sahədə insana alternativ rol oynayır. Bəs bu prosesin davamı olaraq bir neçə ildən sonra həmin sahələrdə insan əməyinin funksiyası tamamilə itə bilərmi? Əgər bu baş verərsə, bunun cəmiyyətə, peşə sahiblərinə və ümumilikdə əmək bazarına hansı müsbət və mənfi təsirləri olacaq?
İT mütəxəssisi Natiq Məmişov Mis.az-a açıqlamasında bildirib ki, süni intellekt artıq həyatımızın bir çox hissəsinə daxil olur və bu, gələcəyin davamlı dinamizminə həm təsir göstərir, həm də onu dəyişdirir:
“Əvvəllər texnologiya sadəcə inkişaf edir, prosesləri avtomatlaşdırırdı. İndi isə süni intellekt inkişaf edir və o, təkcə avtomatlaşdırmır, həm də yaradıcılıq, təhsil və peşəkar xidmətlər kimi sahələri də əhatə etməyə başlayır. Fotoqrafiya, yazı, musiqi – hamısı bu təsirdən yan keçmir. Bəziləri üçün bu müsbət xüsusiyyət kimi görünsə də, süni intellekt ciddi sosial-iqtisadi dəyişikliklərə yol aça bilir. Müsbət tərəfləri odur ki, səmərəliliyi artırır, proseslər avtomatlaşır, fotoqrafiya, musiqi və yazı sahələrində peşəkar işlər daha sürətli icra olunur. Məsələn, əvvəllər kimsə bir yazını hazırlayana qədər gözləməli idin, indi isə ChatGPT vasitəsilə yazını qısa zamanda özün hazırlayırsan. Təkrarlanan işlər avtomatlaşır, nəticədə daha dərin yaradıcı və strateji fəaliyyətlər üçün imkan yaranır”.
Mütəxəssis qeyd edib ki, süni intellekt təhsil və fərdi inkişaf sahəsində də böyük dəyişikliklərə yol açır:
“Məsələn, mən altı ildən çoxdur təlimçiliklə məşğulam, adətən dərsləri qrup halında keçirəm. Amma süni intellekt fərdi təhsil proseslərini şəxslərə uyğunlaşdırır, yəni personalizə edir. Artıq sistem özü sənə deyir ki, sən mövzunu belə yox, bu formada öyrənməlisən. Bu, fərdi müəllimlər və onlayn kurslar üçün daha əlverişli şərait yaradır, çünki artıq sistem birbaşa istifadəçiyə yönəlik təlim təklif edir. Yaradıcılıq sahələri də genişlənir, yeniliklərə açılır və bəzən qeyri-adi, eksperimental sənət nümunələri ortaya çıxır. Üstəlik, xidmətlər daha əlverişli və əlçatan olur. Artıq musiqi yazmaq, fotoqrafiya ilə məşğul olmaq, dizayn və kontent yaratmaq hamı üçün mümkündür”.
N.Məmişov süni zəkanın mənfi təsirlərini də istisna etməyib:
“Peşəkar işçilər artıq süni intellektlə əvəz edilməyə başlayır. Məsələn, əvvəllər 10 kopirayter lazım idisə, indi 5 nəfər bəs edir. Dizaynerlərin də sayı azalır. Bunun nəticəsində bəzi peşələr sıradan çıxır, işsizlik və sosial bərabərsizlik yarana bilir. Əslində, bu proses texnologiyanın əvvəlki mərhələlərində də baş vermişdi. Məsələn, kredit sistemləri və ya yeni proqramlar işçiləri işsiz qoymadı, əksinə, insanlar onları öyrənib tətbiq etməyə başladılar. Amma süni intellektin fərqi ondadır ki, o, yaradıcı işlərdə insanın rolunu azaldır. Yaradıcılıq sahələrində AI-nin geniş istifadəsi insan yaradıcılığının zəifləməsinə səbəb ola bilər. Çünki süni intellekt tərəfindən yaradılan əsərlər insanların dərin hisslərini, emosiyalarını və təəccüblərini tam əks etdirə bilmir. Nəticədə, insan yaradıcılığının dəyəri tədricən azalır. Məsələn, emosional əlaqə qurmaqda çətinlik yaradan Aİ əsərləri bəzən insanlar üçün mənasız və təsirsiz ola bilər. Bir də yaradıcılığın itirilməsi məsələsi var. İnsanlar süni zəkanın asılılığına düşərək öz bacarıqlarını inkişaf etdirməkdə zəiflik göstərə bilər. Aİ-nin inkişafı insanların öz bacarıqlarını itirməsinə belə səbəb ola bilər. Məsələn, fotoqrafiya və yazı kimi sahələrdə texnoloji alətlərin istifadəsi artır, amma bu da insanların yaradıcılıq və analitik düşüncə qabiliyyətlərini zəiflədə bilər”.
Ekspertin sözlərinə görə, Aİ genişləndikcə şəxsi məlumatların qorunması məsələsi daha da ciddi hala gələcək:
“İnsanların gündəlik fəaliyyətləri Aİ tərəfindən izlənilən və idarə edilən məlumatlarla dolacaq, bu da gizlilik və təhlükəsizlik risklərini artıracaq. Hətta insanlar süni intellektin monitorinqi altında olmaqdan narahat ola bilər və şəxsi məlumatlar ilə bağlı təhdidlər artacaq. Yəni süni intellektin yaradıcılıq sahələrinə daxil olması gələcəkdə böyük dəyişikliklərə səbəb olacaq. Bu, yaradıcılıq və sənət sahələrini daha əlçatan və səmərəli edərkən, digər tərəfdən sosial və iqtisadi bərabərsizliklərə yol açacaq. İşsizlik və gizlilik məsələləri də təhlil edilməli və bu inkişafla bərabər yeni sosial modellər və siyasətlər hazırlanmalıdır. Əsas da insana dəyər vermə və insanın yaratdığı sənətə ehtiyac hələ də vacib bir mövzudur, amma gələcəkdə texnologiyanın bu sahələrdə necə tətbiq ediləcəyi böyük əhəmiyyət kəsb edəcək”.
İqtisadçı Eyyub Kərimli isə süni intellektin gələcəkdə insan əməyini əvəzləyəcəyi halda yaranacaq iqtisadi təsirlərdən danışıb. O da söyləyib ki, süni intellekt bəzi fəaliyyət sahələrində insanı dəstəkləyir, bəzilərində isə yeni imkanlar yaradır. Xüsusilə elmi fəaliyyət və araşdırma sahələrində süni intellektin rolu getdikcə artır:
“Tarixən texnoloji inkişaflar həmişə baş verib və bu inkişaflar əmək bazarını dəyişdirərək yeni tələblərin formalaşmasında mühüm rol oynayıb. Məsələn, kalkulyatorun ixtirası vaxtilə “hesablayıcı” adlanan peşənin aradan qalxmasına səbəb olub. Eyni şəkildə, elektron poçtun yaranması poçtalyonlara olan tələbatı azaldıb. Telefonun və fotoqrafiya texnologiyalarının inkişafı da bəzi peşələrin əhəmiyyətini azaldan amillərdən sayılır. Bu kimi hallar sənaye inqilabları dövründən bəri müşahidə olunur və bu prosesin davam edəcəyi də aydındır”.
E.Kərimlinin sözlərinə görə, texnoloji inkişaf yalnız bəzi peşələrin sıradan çıxmasına deyil, həm də yeni sahələrin yaranmasına səbəb olur:
“Süni intellektin inkişafı ilə birgə şəbəkə təhlükəsizliyi, robotexnika və innovativ startaplar kimi istiqamətlərdə yeni peşələr meydana gəlir. Əlbəttə, bəzi ənənəvi peşələr zamanla azala bilər, lakin bu, əmək bazarındakı ümumi tarazlığı tam pozmayacaq. Necə ki, əvvəllər internet və kompüter mövcud deyildi və IT sahəsinə ehtiyac yox idi, lakin bu texnologiyalar yayıldıqca proqramlaşdırma, şəbəkə təhlükəsizliyi və digər rəqəmsal peşələr formalaşdı. İndi isə pilotsuz təyyarələrin, robot sistemlərinin və süni intellekt əsaslı texnologiyaların inkişafı yeni mütəxəssislərə ehtiyac yaradır. Yəni hər bir texnoloji sıçrayışla bərabər peşə sahələrində transformasiya baş verir, lakin zamanla bu dəyişikliklər tarazlaşır və əmək bazarında yeni balans formalaşır”.
Sevinc İbrahimzadə / Mis.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.
Ana Sehife