Mis.Az - Son Xeberler
Xəbər verdiyimiz kimi, noyabrın 11-də Azərbaycandan qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub. Qəzanın dəqiq səbəbləri hələlik tam açıqlanmasa da, müxtəlif versiyalar səsləndirilir. Bəzi mütəxəssislər təyyarənin uzun illər istismar olunmasını və texniki baxımdan köhnə olmasını əsas faktor kimi göstərirlər. Digərləri isə bildirirlər ki, “C-130” qəza zamanı normadan artıq yüklə havaya qalxıb və bu da uçuşun sabitliyinə mənfi təsir göstərib. Bundan əlavə, sosial mediada təyyarənin lazerlə vurulduğu iddiaları da yayılıb. Bütün bu ehtimallar fonunda əsas sual yaranır: Türkiyə hərbi təyyarəsinin qəzaya uğramasının əsl səbəbi nə idi?
Hərbi ekspert Ədalət Verdiyev Mis.az-a açıqlamasında bildirib ki, qəza yeni baş verib və araşdırmalar hələ tam başa çatmayıb. Buna görə də bəzən məqsədli, bəzən isə bilməyərəkdən müxtəlif versiyalar səsləndirilə bilir. Amma istənilən versiyanı irəli sürmək üçün ən azı əlimizdə ilkin səbəblər olmalıdır:
“Lazerlə vurulan təyyarələrdə həmin lazerin tuşlandığı nöqtədə detallarda ərimə müşahidə olunur. “C-130” təyyarəsinin quyruq hissəsində isə belə bir yanıq izi aşkarlanmayıb. Çünki ilk olaraq yerə enən hissə məhz quyruq idi və onun üzərində yanma əlamətləri yoxdur. Əsas versiyalardan biri təyyarənin uzun müddət istismarda olması və bəzi hissələrində, xüsusilə də qopan quyruq hissəsində korroziya ehtimalının mövcudluğudur. Yüklənmə məsələsinə gəlincə, bu istiqamətdə də danışmaq düzgün deyil. Təyyarə 20 tonadək yük və 72 nəfər şəxsi heyəti tam silah-sursatla, yaxud da sursatsız 92 nəfər mülki şəxsi daşımaq imkanına malikdir. Belə olan halda artıq yüklənmədən söhbət gedə bilməz. Əgər yüklənmə faktoru mövcud olsaydı, həmin yüklərin bir hissəsi quyruq hissəsi ilə birlikdə və ya ondan əvvəl yerə düşməli idi. Görüntülərdə isə bu, müşahidə olunmur”.
Ə.Verdiyev deyib ki, yüklərin – texnika və digər avadanlıqların təyyarəyə konteynerlərlə daxil edildiyi məlumdur. Bu konteynerlər və texnikalar təyyarənin korpusuna sərt şəkildə bərkidilməlidir:
“Əgər yüklər möhkəm bərkidilməyibsə, yüksək hündürlükdə və sürətdə manevrlər zamanı təyyarə çalxalana bilər. Digər tərəfdən, turbulent zonalara düşmək də çalxalana bilər. Bu zaman korroziyaya uğramış və ya mikroçatlara məruz qalmış hissələrdə gərginlik artır, nəticədə korpusun müəyyən hissələri qopa bilər. Oxşar hallar daha əvvəlki bəzi qəzalarda da müşahidə olunub. Buna görə də mənim əsas ehtimalım təyyarənin uzunmüddətli istismarı nəticəsində yaranan korroziya və yüklərin korpusa etibarlı bərkidilməməsidir”.
Ekspertin sözlərinə görə, ola bilər ki, qəza hər iki faktorun – həm korroziyanın, həm də yüklərin düzgün bərkidilməməsinin birləşməsi nəticəsində baş verib. Bu isə qəzanı qaçılmaz edib.
“İstənilən halda, qəzanın dəqiq səbəbləri yalnız qara qutunun oxunması, ekipajın öz aralarındakı və dispetçer xidməti ilə danışıqların təhlilindən sonra rəsmi şəkildə açıqlanacaq”, - deyə Ə.Verdiyev əlavə edib.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife