Mis.Az - Son Xeberler
Azərbaycanda yaşlı məmurlar olduğu kimi yaşlı deputatlar da var. Milli Məclisin 30-dan çox üzvü pensiya yaşını ötüb. Dörd millət vəkili isə ömrünün səkkizinci onilliyini xırdalayıb.
Mis.az yaşı səksəni haqlamış parlamentarilərlə bağlı məlumatları təqdim edir.
Ziyad Səmədzadə Milli Məclisin ən qocaman deputatıdır. O, 25 iyun 1940-cı ildə Bakı şəhərində anadan olub. 85 yaşlı akademik bir çox dövlət və hökumət vəzifələrində çalışıb. Ziyad Səmədzadə həm də stajlı deputat sayılır. O, müstəqillik dövründə müxtəlif illərdə 5 dəfə deputat seçilib.
Ömrünün 80-ci payızını yaşayan Polad Bülbüloğlunun xüsusi təqdimata ehtiyacı yoxdur. Mugənni-deputat 4 fevral 1945-ci ildə dünyaya gəlib. Səkkiz ay əvvəl 80 yaşını qeyd edən millət vəkili ötən il baş tutan parlament seçkilərində Milli Məclisə 124 saylı Şuşa -Ağdam-Xocavənd seçki dairəsindən deputat seçilib.
Səksən yaşlı Eldar İbrahimov da parlamentin ən qocaman deputatlarından biridir. O, ard-arda 7 çağırış Milli Məclisin deputatı seçilib. Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan Eldar İbrahimov hazırda Milli Məclisin İntizam komissiyasına rəhbərlik edir.
Bu il mart ayının 19-da ömrünün 80-ci baharına qədəm qoyan Mixail Zabelin 30 ildir deputat mandatı daşıyır. Zabelin Azərbaycandakı Rus İcmasının sədridir. Rus əsilli Zabelin Milli Məclisdə nadir hallarda çıxış etsə də, ard-arda 7 çağırış deputat seçilməyi bacarıb.
Zaur Əliyev / Mis.az
Ana Sehife