Mis.Az - Son Xeberler
Azərbaycanda vətəndaşın pensiya kapitalından istifadə hüququ yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda mümkündür. Mütəxəssislərin sözlərinə görə, bu hüquq üç növ pensiyada — yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya növlərində nəzərdə tutulur.
Yaşa görə pensiyada əsas şərt vətəndaşın qanunla müəyyən edilmiş pensiya yaşına çatmasıdır. Hazırkı keçid dövrünə əsasən, kişilər üçün 65 yaş, qadınlar üçün isə 64 yaş 6 ay müəyyən edilib. Həmin yaşa çatdıqda vətəndaşın hesabında toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiya təyin olunur.
Əlilliyə görə pensiyada isə şəxsə əlillik dərəcəsi (birinci, ikinci və ya üçüncü) müəyyən edilən tarixdə onun hesabında olan kapitala əsasən pensiya təyin edilir.
Ailə başçısını itirməyə görə pensiyada da eyni prinsip tətbiq olunur. Belə ki, ailə başçısı vəfat etdikdə, onun hesabında yığılan pensiya kapitalı azyaşlı övladlarına (18 yaşına qədər) və ya 23 yaşınadək əyani təhsil alan övladlarına əsasən pensiya kimi təyin olunur.
Pensiya kapitalı nə vaxt və necə istifadə edilə bilər?
Mis.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, pensiya kapitalı vətəndaşın yalnız pensiya hüququ yarandığı zaman istifadə edə biləcəyi vəsaitdir. Yəni bu kapital şəxsin gündəlik xərcləri, müalicə, tətil və ya toy kimi şəxsi məqsədləri üçün istifadə oluna bilməz. Bu vəsaitin əsas məqsədi pensiyanın məbləğini formalaşdırmaqdır. Hazırda ölkədə 30 min, 50 min, hətta 100-200 min manat kapital toplayan şəxslər mövcuddur. Lakin heç kim onu birdəfəlik ala bilmir.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife