Mis.Az - Son Xeberler
Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Türkiyədə tarixi görüş baş tuta bilər. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tramp və Putinin Budapeştdəki görüşünün ləğvindən sonra deyib. Bəs Rusiya-ABŞ münasibətləri Türkiyədə bərpa oluna, bunun gedişatında da Ərdoğanın vasitəçiliyi ilə Ukrayna ilə müharibə sonlana bilər?
Siyasi şərhçi Abutalıb Səmədov Mis.az-a açıqlamasında bildirib ki, bu Türkiyədə baş tutması tamamilə mümkündür. Çünki Rusiya-Ukrayna danışıqlarında ən uğurlu nəticələr məhz Türkiyədə əldə olunub:
"2022-ci ilin martında tərəflər az qala sülh razılaşmasına yaxınlaşmışdılar. Əgər Qərb ölkələri həmin vaxt prosesə mane olmasaydılar, yəqin ki, İstanbul razılaşması ciddi bir sülh sazişinə çevrilə bilərdi. Bu razılaşmadan ilk növbədə Ukrayna qazanardı, çünki sonrakı danışıqlarda heç vaxt İstanbul razılaşmasındakı qədər əlverişli şərtlər təklif edilmədi. Bu baxımdan, növbəti danışıqların Türkiyədə keçirilməsi çoxdan arzulanan sülhün reallaşmasına təkan verə bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bunun baş tutması üçün ciddi səylər göstərir. Hadisələr onu göstərir ki, artıq Putin əvvəlki kimi maksimalist tələblərlə çıxış etmir. Baxmayaraq ki, Rusiya Ukrayna ərazisinin böyük bir hissəsini özündə saxlamaq istəyir, indi onun iştahı azalıb".
A.Səmədovun fikrincə, Trampla Putinin Türkiyədə keçirilməsi gözlənilən görüşü hər iki tərəfi daha real və ədalətli şərtlərə yaxınlaşdıra, tam olmasa da, reallığa əsaslanan bir sülhün əldə olunmasına imkan yarada bilər.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife