Mis.Az - Son Xeberler
Qızıl 0,9 faiz bahalaşaraq yeni tarixi rekorda çatıb. Hazırda dünya bazarında bu qiymətli metalın unsiya üzrə qiyməti 3,716.27 dollar təşkil edir.
Mis.az “Reuters”ə istinadən xəbər verir ki, qiymətlərin bahalaşmasının əsas səbəbi ABŞ Federal Ehtiyat Sisteminin (Fed) yumşaq faiz azaldılması siyasəti ilə bağlı artan gözləntilərdir. Hazırda investorların diqqəti həftənin sonuna qədər çıxış edəcək bir neçə Fed rəsmisinin açıqlamalarına və əsas inflyasiya göstəricilərinə yönəlib.
Ümumilikdə, bu il qızılın 40 faizdən çox bahalaşdığı müşahidə olunur. Bu artım qlobal geosiyasi və iqtisadi qeyri-müəyyənlik, mərkəzi bankların iri həcmdə alışları və Fed-in yumşaldıcı pul siyasəti ilə izah edilir. Qiymətli metallar bazarındakı dinamika həm investorların diqqətini cəlb edir, həm də dünya iqtisadiyyatındakı qeyri-müəyyənliyin barometri kimi qiymətləndirilir.
Qiymətli metalın qiymət dəyişməsinin Azərbaycan bazarına təsirləri barədə Mis.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, qlobal miqyasda baş verənlər ölkə iqtisadiyyatına da təsirsiz ötüşmür. İqtisadçı vurğulayıb ki, təkcə Azərbaycanda deyil, bütün dünyada qızılın qiymətinin qalxması davamlı olaraq gözlənilir:

“Hazırda investisiya mühitində qeyri-müəyyənlik mövcuddur. Yəni qlobal investisiya mühitindəki qeyri-müəyyənlik daha dayanıqlı maliyyə aləti olan qızıla daha çox investisiya yatırmağa investorları sövq edir. Buna görə də qızıla olan tələb artır, tələbin artması isə qiyməti yüksəldir. Digər tərəfdən, Tramp administrasiyasının məqsədli şəkildə dolları ucuzlaşdıran siyasəti nəticə etibarilə qızılın daha da bahalaşmasına gətirib çıxarır. Hesab edirəm ki, hazırkı vəziyyətdə qızılın bahalaşmasına səbəb olan əsas faktor məhz Tramp administrasiyasının dolların ucuzlaşdırılması siyasətidir,” – deyə Eldəniz Əmirov qeyd edib.
Onun sözlərinə görə, birjalarda qızılın qiymətindəki dəyişikliklər ölkəmizdə də qiymətlərin eyni tempdə dəyişməsinə səbəb olur:
“Gündəlik olaraq ölkəmizdə də qızılın qiymətində nisbətən davamlı artımlar müşahidə olunur və mən düşünürəm ki, bu tendensiya 2026-cı il boyunca da davam edəcək”.
Gülbəniz Hüseynli / Mis.az
Ana Sehife