Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Sosial mediada “OBA” marketin işçilərini istismar etməsi ilə bağlı görüntülər yayılıb.
Belə ki, gizli çəkildiyi hiss olunan videoda alıcı kassirdən gün ərzində neçə saat işlədiyini soruşur. Kassir isə 500 manatlıq maaşla 12 saatdan çox çalışdığını və həm satıcının, həm də kassirin öhdəliklərini yerinə yetirdiyini söyləyir.
Məsələ ilə bağlı "OBA" marketlər şəbəkəsindən Mis.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlum video cəmiyyət arasında çaşğınlıq yaratmağa və şirkətin nüfuzuna xələl gətirməyə yönəlmiş təxribat xarakteri daşıyır:
"Şirkətimiz tərəfindən aparılan araşdırmalar nəticəsində aşkar olunmuş təkzibolunmaz sübutlara əsasən bildiririk ki, sözügedən video əvvəlcədən planlaşdırılmış və xüsusi ssenari əsasında hazırlanıb. Mağazadakı təhlükəsizlik kameralarının qeydlərində videonu çəkən şəxsin əməkdaşımızla əvvəlcədən razılaşaraq onu müəyyən məzmunlu danışığa yönəltdiyi, videoda üzünün görünməyəcəyinə dair vəd verdiyi və qarşılığında 10 manat pul təklif etdiyi aydın şəkildə görünür. Həmin vəsaitin əməkdaşa təqdim olunması prosesi də sosial mediada yayılan digər görüntülərdə təsdiqini tapır".
Məlumatda qeyd olunub ki, videoda danışığı əks olunan əməkdaş da bu hadisə ilə bağlı verdiyi izahatda bütün faktları təsdiqləyib:
"Qeyd olunan video ilə yanaşı, son günlərdə mağazalarımızda buna bənzər təxribat xarakterli çəkilişlər aparıldığı və daha sonra şirkətimizin şantaj olunduğu hallar müşahidə edilir. Bu cür faktlarla bağlı artıq hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər olunmuş, bu addımları atan şəxslər barəsində müvafiq hüquqi tədbirlər görülüb. Bu konkret hadisə ilə bağlı da şirkətimiz tərəfindən hüquq-mühafizə orqanlarına rəsmi şikayət təqdim olunacaq və şirkətimizin işgüzar imicinə xələl gətirən hərəkətləri törədən şəxslər barəsində hüquqi müstəvidə ölçü götürülməsi tələb ediləcəkdir".
"“OBA” Marketlər Şəbəkəsi olaraq bildiririk:
İşçilərimizin təhlükəsiz və sağlam iş şəraitində çalışması şirkətimizin əsas prioritetlərindəndir.
Əmək şəraiti və iş saatları ilə bağlı əmək qanunvericiliyinin bütün tələblərinə ciddi şəkildə riayət olunur.
Sosial mediada yayılan video şirkətimizin iş mühiti və daxili idarəetmə prinsiplərini əks etdirmir.
Əməkdaşlarımızın hüquqlarına və rifahına xüsusi diqqət yetirilir, əmək şəraitlərinin daim yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir", - deyə açıqlamada bildirilib.
Sevinc İbrahimzadə / Mis.az