Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Küçə fotoqrafiyası son illərdə getdikcə populyarlaşsa da, bu sahə bəzi etik və hüquqi suallar da doğurur. Bu şəxslər bəzən ictimai yerlərdə insanların xəbəri olmadan onların şəkillərini çəkirlər. Bunu görən bəzi vətəndaşlar öz şəkillərinin silinməsini tələb edir, digərləri isə ümumiyyətlə şəkil çəkildiyindən xəbərsiz olur.
Hüquqşünas Ramil Süleymanov Mis.az-a açıqlamasında küçə fotoqraflarının hüquq və vəzifələrindən danışıb:
“Vətəndaşın xəbəri olmadan onun fotosunun gizli şəkildə çəkilməsi və həmin fotonun ona təqdim olunması birmənalı şəkildə biznes maraqları ilə edilən bir hərəkətdir. Belə hallarda ilk növbədə foto vətəndaşın özünə təqdim olunmalı, əgər vətəndaş bu fotonun saxlanılmasına və ya istifadəsinə razılıq verməzsə, dərhal silinməlidir. Lakin təəssüf ki, bəzi hallarda vətəndaş razılıq vermədiyi halda belə, küçə fotoqrafları həmin fotoları şəxsi kolleksiyalarında saxlayır və ya gələcəkdə kiməsə sifariş əsasında təqdim edir, yaxud həmin fotonun silinməsini təmin etmir. Bu isə şəxsi həyata müdaxilə sayılır və şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasıdır”.
R.Süleymanov qeyd edib ki, bu cür hallarla qarşılaşan vətəndaş Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına, konkret olaraq prokurorluğa və ya polisə müraciət etməklə həmin əməlin araşdırılmasını tələb edə bilər.
Qeyd olunan hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsinin sanksiya dairəsinə düşür və bununla bağlı qanunvericilikdə müvafiq cəza tədbirləri nəzərdə tutulur.
Sevinc İbrahimzadə / Mis.az