Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
"Metrodakı təmir-tikinti işləri ilə bağlı 28 may metrosunun bağlanacağı düşünülür. Lakin belə bir hal yoxdur".
Mis.az-ın məlumatına görə, bunu mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, 28 May stansiyası daxilində infrastruktur yenilənmələri həyata keçiriləcək.
“Bakı Metropoliteni təkcə nəqliyyat vasitəsi deyil, həm də şəhərin mədəni və tarixi simvoludur. 1967-ci ildə istifadəyə verilən metro, Bakı sakinlərinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Metronun tikintisi zamanı qarşılaşılan çətinliklərə baxmayaraq, Bakı Metropoliteni sürətlə inkişaf edib. Məsələn, "Nizami" stansiyasının tikintisi dörd il çəkmiş və bu müddət ərzində ciddi geoloji problemlərlə üzləşib. Metronun memarlıq üslubu da diqqətəlayiqdir. Stansiyaların bəzilərində Azərbaycan milli motivləri ilə bəzədilmiş interyerlər mövcuddur ki, bu da metronu sadəcə nəqliyyat vasitəsi deyil, həm də mədəniyyət mərkəzinə çevirir”.
Bəxtiyar Məmmədov Bakı Metropoliteni ilə bağlı son statistik məlumatları da açıqlayıb:
“Bu gün Bakı Metropoliteni 40.7 km uzunluğunda üç xətt və 27 stansiyadan ibarətdir. Gündəlik sərnişin sayı təxminən 627,279 nəfərdir.
Metronun inkişafı və genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2030-cu ilə qədər 53 yeni stansiyanın tikintisi planlaşdırılır”.
Ülkər Abdurahmanlı / Mis.az