Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Son illərdə buraxılış imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin sayı artmaqdadır. Bu il maksimum 300 bal toplayan abituriyentlərin sayı 43 nəfər olub. Bu göstərici əvvəlki illərlə müqayisədə artım olduğunu göstərir. Maraqlıdır, bu nəticə sualların asanlaşması ilə əlaqədardır?
Təhsil eksperti Məzahir Məmmədli Mis.az-a açıqlamasında son iki ilin nəticələrinin təhsil ictimaiyyəti arasında geniş müzakirə olunduğunu söyləyib:
“Bu, yalnız onunla əlaqədardır ki, Dövlət İmtahan Mərkəzi artıq son iki ildə Elm və Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri üçün təsdiq etdiyi proqramlara uyğun suallar təqdim edir. Məsələn, son beş ili təhlil etsək, görərik ki, 2020-ci ildən 2023-cü ilə qədər qəbul imtahanlarında maksimum nəticə göstərən cəmi dörd-beş nəfər olmuşdu. Halbuki 2023-cü ildə, ümumiyyətlə maksimum nəticə göstərən heç bir şagird olmayıb. 2024 və 2025-ci illərdə isə vəziyyət dəyişib: keçən il 55 nəfər, bu il isə artıq 43 nəfər maksimum 300 ballıq nəticə göstərib”.
M.Məmmədli bildirib ki, əvvəllər maksimum nəticə göstərən şagirdlərin əksəriyyəti Bakı şəhəri və ona yaxın ərazilərdə yerləşən məktəblərin məzunları idi:
“Çünki Dövlət İmtahan Mərkəzinə yaxın olan və onun sisteminə uyğun fəaliyyət göstərən hazırlıq kurslarına yalnız həmin ərazilərdəki şagirdlər çıxış əldə edə bilirdilər. Lakin indi yüksək nəticə göstərənlərin əksəriyyəti bölgələrdən olan şagirdlərdir. Bu da bir daha göstərir ki, suallar artıq tədrisdəki təlim nəticələrinə uyğun hazırlanır”.
Ekspert dövlətin təhsil strategiyasının burada mühüm rolunun olduğunu qeyd edib:
“2025–2026-cı tədris ili üçün ali təhsil müəssisələrində plan yerlərinin sayının 65 minə çatacağı gözlənilir. Bu, əvvəlki illərlə müqayisədə təxminən 10 min nəfər çoxdur. Bu kimi məsələlər artıq imkan verir ki, Dövlət İmtahan Mərkəzi öz siyasətində dəyişiklik etsin. Düşünürəm ki, bundan sonrakı illərdə də bu xətt davam etdiriləcək. Artıq başqa çıxış yolu yoxdur. Dövlət İmtahan Mərkəzi bu məsələləri tənzimləmək üçün nizamlamaq üçün sualları yumşaltmağa, təsdiq olunmuş yeni tədrisə uyğun qurmağa məcburdur”.
Sevinc İbrahimzadə / Mis.az