Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Boşanma zamanı uşaq varsa, onun gündəlik ehtiyaclarının qarşılanması məqsədilə uşaqla birgə yaşamayan valideyn aliment ödəməlidir. Lakin bəzən aliment verən şəxs ödədiyi məbləğin artıq olduğunu düşünərək onun azaldılmasını təklif edir. Bu hallar müxtəlif səbəblərdən irəli gəlir və tərəflər arasında müzakirə mövzusuna çevrilir.
Hüquq və İnsan Haqları İnstitutunun hüquq tədqiqatçısı, vəkil Günay Abasova Mis.az-a açıqlamasında bildirib ki, artıq məhkəmə alimenti təyin edən zaman uşaq üçün müəyyən olunmuş yaşayış minimumu - 246 manatı əsas götürmür, əsas kimi ölkədə minimum əmək haqqınının müəyyən qismini qəbul edir:
“Məsələn, 2025-ci il üçün bu məbləğ 400 manatdır. Onun 0.58 misli qədər aliment təyin olunur. Artıq qərarda belə yazılır və iddia ərizəsində nə yazılırsa-yazılsın, məhkəmələr uşaq üçün yaşayış minimumunu deyil, ölkədəki minimum əmək haqqını əsas götürürlər. Ancaq indiki dövrdə çoxları alimentin artırılması tələbi ilə çıxış edir. Hərçənd Ali Məhkəmənin verdiyi son qərara əsasən, yaşayış alimentin indeksasiyası ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının artımı ilə şərtləndirilə bilməz. Yəni alimentin artırılması üçün daha tutarlı əsaslar göstərilməlidir. Məsələn, uşaq üçün xəstəliklə bağlı əlavə xərclər, kreditə götürülmüş yataq, masa və s. bu kimi əsaslar göstərilməlidir. Ana qeyd etməlidir ki, bu səbəblərdən alimentin artırılmasına ehtiyac var”.
Vəkil mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişlərindən də danışıb:
“Belə sazişlərdə sabit alimentin tutulması göstərilir və sonradan qarşı tərəf bu sazişi icra etmir. Bundan sonra məsələ məhkəməyə çıxarılır və mediasiya sazişinin təsdiqi tələb olunur. Ali Məhkəmə qərarında göstərilir ki, məhkəmə özbaşına, yəni birtərəfli qaydada alimenti artırmaq və ya başqa cür hesablamalar aparmaq səlahiyyətinə malik deyil. Çünki mediasiya tərəflərin qarşılıqlı razılığı ilə əldə olunmuş bir sənəddir. Bu sənəddə onların iradəsi əks olunub və məhkəmə tərəflərin razılığı olmadan yeni qərar verərsə, bu, həmin iradəyə zidd olar. Bu səbəbdən Ali Məhkəmə aşağı instansiya məhkəmələrinə tövsiyə edir ki, mediasiya sazişində nəyə razılığa gəlinibsə, həmin xətt əsasında qərar versinlər”.
G.Abasova aliment məbləğinin azaldılması ilə bağlı danışarkən bildirib ki, bunun üçün bütün səbəblər rəsmi sənədlərlə təsdiqlənməlidir:
“Bu hallarda, adətən atalar müraciət edərək bildirirlər ki, aliment məbləği yüksəkdir, qazanc yoxdur və s. Amma məhkəməyə bunun sübutları təqdim edilməlidir. Əgər şəxs deyirsə ki, işsizdir, bu barədə rəsmi arayış təqdim etməlidir. Əgər xəstə olduğunu, əmək qabiliyyətinin aşağı səviyyədə olduğunu bildirirsə, tibbi sənədlərlə bunu əsaslandırmalıdır. Əgər borcu varsa, sübut etməlidir ki, bu borclar zəruri səbəblər üçün götürülüb. Həmçinin vətəndaşın harada yaşaması da aliment məbləğinin müəyyən edilməsində önəmli rol oynayır. Əgər Bakı şəhərində yaşayırsa, aliment daha yüksək olur. Əgər rayon və ya kənd yerində yaşayırsa, bu halda 100–150 manat arası məbləğ təyin oluna bilər. Məhkəmələr bu halların hamısını nəzərə alır”.
Sevinc İbrahimzadə / Mis.az