Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Son illərdə ailə münasibətlərinin hüquqi tənzimlənməsi məsələləri daha çox gündəmə gəlsə də, Azərbaycanda nikah müqaviləsi bağlayan cütlüklərin sayı hələ də çox azdır. Bəziləri bunu hüquqi biliklərinin kifayət qədər olmamasından dolayı etmirsə, digərləri də nikah müqaviləsini mental dəyərlərə zidd hesab edirlər.
Vəkil Tağı Hüseynov Mis.az-a açıqlamasında bildirib ki, bu müqavilə həm nikah zamanı, həm də nikah pozulduqdan sonra tərəflər arasında əmlak və digər məsələlərlə bağlı qarşılıqlı iddiaları nəzərdə tutur:
“Bu sahədəki əsas maneə hüquqi savadsızlıqdan çox, cəmiyyətimizdəki mental dəyərlərlə bağlıdır. Hüquqi savadsızlıq bu məsələdə yalnız təqribən 15-20 faiz rol oynaya bilər, lakin əsas səbəb odur ki, mentalitet belə müqavilələrə çox vaxt isti yanaşmır”.
T.Hüseynov nikah müqaviləsinin riskli tərəflərindən də danışıb:
“Əslində, nikah müqaviləsi risk yaratmır, çünki bu, könüllü şəkildə imzalanan və qarşılıqlı razılıq əsasında tərtib olunan bir sənəddir. Burada tərəflər əvvəlcədən razılaşa bilərlər ki, nikah dövründə əldə edilən əmlakın hansı hissəsi ər və ya arvada məxsus olacaq, boşanma halında uşaqların kimlə qalacaq. Bununla belə, müəyyən subyektiv risklər istisna deyil. Məsələn, biz emosional xalq olduğumuz üçün aşiq olanda bəzən düşünmədən qərar verə, “hər şeyə razıyam” deyə bilərik. Bu zaman qarşı tərəf həmin emosional vəziyyətdən sui-istifadə edərək, bizim əleyhimizə olan bəzi şərtləri müqaviləyə daxil etdirə bilər. Nəticədə, sonradan bu, tərəflər arasında problemlərə səbəb ola bilər”.
Sevinc İbrahimzadə / Mis.az