Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Bir çox hallarda çoxmənzilli binalarda yaşayan sakinlər binanın təmizliyi, liftlərin işləməsi, həyətin baxımı və digər ümumi xidmətlər üçün "jek" adlanan idarəedici qurumlara müəyyən məbləğdə pul ödəyirlər.
Hüquqşünas Əkrəm Həsənov Mis.az-a açıqlamasında bunun qanuni olmadığını bildirib:
“Çünki Mənzil Məcəlləsinə görə, binanın idarə olunmasını mənzil mülkiyyətçilərinin ümumi yığıncağı müəyyən etməlidir. İdarəetmə ya kənar idarəedici təşkilatın cəlb olunması, ya da Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması formasında həyata keçirilməlidir. Bu iki idarəetmə formasından hansı seçilərsə, sakinlər ödənişləri toplayıb həmin quruma verməlidirlər. “Jek”in isə bu prosesə səlahiyyəti yoxdur”.
Ə.Həsənov qeyd edib ki, binanın idarə olunması dedikdə, onun ümumi əmlakının – damın, zirzəminin, liftlərin saxlanması, zibillərin yığılması və daşınması nəzərdə tutulur və bu xidmətlərə görə sakinlər pul ödəməlidirlər:
“Lakin məsələ odur ki, bu ödəniş “jek”ə deyil, özlərinin müəyyən etdiyi şəxsə və ya təşkilata edilməlidir. Buna görə də binada ümumi yığıncaq keçirilməlidir. Əgər ümumi yığıncaq keçirilmir, yaxud keçirilməsinə imkan yoxdursa və nəticədə idarəedici təyin edilməyibsə, bu zaman bələdiyyə müsabiqə keçirməli və idarəedicini təyin etməlidir”.
Sevinc İbrahimzadə / Mis.az