Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Xəbər verdiyimiz kimi, Çin və Azərbaycan arasında viza rejimi ləğv olunub. Bəs bu, qiymətlərə necə təsir edəcək?
Turizm eksperti Ceyhun Aşurov Mis.az-a açıqlamasında keçən il sadələşdirilən viza rejiminin iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm rol oynadığını deyib:
“Bu dəyişiklikdən sonra Çindən Azərbaycana gələn turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunub. Bu il isə vizanın tamamilə aradan qaldırılması iki ölkə arasında gediş-gəlişlərin sayına mütləq şəkildə müsbət təsir göstərəcək. Çinli turistlərin Azərbaycana gəlməsi ölkəmiz üçün iqtisadi və strateji baxımdan olduqca əhəmiyyətlidir. Çin hal-hazırda Azərbaycanın hədəf turizm bazarlarından biridir. Bununla bağlı olaraq, yalnız viza rejiminin sadələşdirilməsi ilə kifayətlənilmir, eyni zamanda Çindən Azərbaycana birbaşa uçuşların sayı və günləri də artırılır ki, bu da turist axınına əlavə stimul verir. Məsələn, ötən ilin birinci rübü ilə müqayisədə bu ilin müvafiq dövründə Çindən gələn turistlərin sayı 1,8 dəfə artıb. Bu artım tendensiyası gələcəkdə də davam edəcəyi gözlənilir”.
C.Aşurovun sözlərinə görə, Çin dünyada turizm xərcləri baxımından birinci yerdədir:
“2019-cu ildə, yəni pandemiyadan öncə Çinli turistlər xaricə səfərlərə 250 milyard dollardan çox vəsait xərcləmişdilər. Çünki çinli turistlər səyahət etməyi sevir, adətən qrup halında səfər edir və alış-verişə böyük maraq göstərirlər. Bu səbəbdən bir çox ölkələr bu böyük bazardan pay almağa çalışır və daha çox çinli turisti cəlb etmək üçün müxtəlif addımlar atırlar. Azərbaycan üçün də bu strateji yaxınlaşma, şübhəsiz ki, turistlərin sayına müsbət təsir göstərəcək. Əlavə olaraq, arzuolunandır ki, gələcəkdə yalnız Bakıya deyil, Azərbaycanın digər beynəlxalq hava limanlarına da Çin və digər strateji bazarlardan birbaşa və münasib qiymətlərlə uçuşlar təşkil olunsun”.
Ekspert qiymətlərdən danışarkən qeyd edib ki, əvvəllər Azərbaycan vətəndaşları üçün Çinə viza almaq həm baha, həm də çətin idi:
“Təxminən 250 dollar civarında xərc tələb olunurdu. Bundan əlavə, bank hesabında 3000 dollardan yuxarı məbləğ göstərilməli, müxtəlif sənədlər, o cümlədən, Çin dilinə tərcümə olunmuş əmək müqaviləsi təqdim olunmalı idi. Hazırda isə viza rejiminin yüngülləşdirilməsi bu xərcləri və çətinlikləri aradan qaldıraraq, səyahət etməyi daha əlçatan edir”.
Sevinc İbrahimzadə / Mis.az